Azərbaycan Dövlət İstiqlal Muzeyi
Keçmiş Lenin muzeyi olmuş, lakin hazırda müxtəlif dövlət muzeylrinin məkanına çevrilmiş möhtəşəm binanın dəhlizinə daxil olanda, sanki, qəribə bir abı-hava hiss olunur. Hələ də təmirsiz olan dəhliz keçidləri, elə bil şahid olduqları acı hekayətləri pıçıldayırlar. Çünki, tarixi özünə həkk edən hər bir eksponat Azərbaycanın məşəqqətli keçmişini, yaxşı tərəflərini danışır.
İstiqlal müzeyinin tarixi keçmişimizi əks edən Cumhuriyyət, Güney Azərbaycan, Repressiya və Heydər Əliyev salonlarını gəzdikcə, burada Azərbaycanın ən nadir ekponatlarının toplandığını görürsən.
Cumhuruyyət salonu...
Hər xanlığın öz bayrağı və ilk öncə tam qırmızı olan, ayparalı dövlət bayrağımız... Sonra isə qorxudanmı, ya sevinc həyəcanındanmı şəffav və dərin məna kəsb edən rənglərinin yeri səhv tikilən Azərbaycanımızın üç rəngli Bayrağı, bəlkə də İstiqlala çırpındığı üçün belə alınmışdır. Onun ilığ şəfəqlərində salondakı hər bir tarixi səlnaməyə, eksponatlara diqqət etdikcə, o zaman fədailərin necə bir məşəqqətlərdən keçdiyi aydın görünür.Azərbaycanın müstəqilliyi uğruna canlarını feda etmiş böyük şəxsiyyətlərin simalarında heç də bədbinlik yoxdur, əksinə onların sakit, yumşaq baxışlarında elə dərin məna var ki... “Biz Azərbaycanın İstiqlalı Uğruna bu şərəfli yolu keçdik!”- deyə pıçıldayırlar. Onlar bizim bu günümüzün təməlini atanlardır.
Güney Azərbaycan salonu...
1813-cü il, “Gülüstan” və 1828-ci il, “Türkmənçay” müqavilələrindən sonrakı Güney Azərbaycanımız əks olunur. Uzun sürən fars-rus müharibəsinin ağır nəticələri Bütöv Azərbaycanı ikiyə bölmüş oldu. Bu salon, Vətənin istiqlaliyyəti uğruna mübarizə aparan inqilabçılar, fədailər və savaşlar haqqında geniş, əyani səlnamələrdən ibarətdir. Səttar xan, Şeyx Şamil, Bağır xan, Pişəvərinin boyük tarixi Azərbaycan yolu dəyərli eksponatlarla əks olunmuşdur. Azərbaycanın müstəqilliyi uğruna şah rejiminə qarşı böyük mübarizələr aparmış bu fədailərin hər biri mükəmməl bir tarixi salnamədir. Muzeyin onları danışan eksponatları olduqca çox dəyərlidir.
Repressiya salonu...
1937-1938-cu illərin qurbanlarına qarşı amansız işkəncələr tətbiq edən DTK masasına dıqqət edirəm. Masa üstündəki əşyalarla dəhşət saçır: şüşə su qabından su içən müstəntiq, necə də var gücü ilə bağırmış Əhməd Cavada, Mikayıl Müşviqə, Hüseyinqulu Sarabskiyə... Hüseyn Cavidə...
RSFSR bolşevizminin 1920-ci ilin fevral burulğanları ilə Azərbaycanın mənəviyyatını tamamilə məhv etmək dirənişi, qarşısıalınmaz bir bəla olmuş. Say-seçmə ziyalıların çoxu repressiya qurbanına çevrilmiş. DTK masasının üstündəki çəkic və möhür onların gənc ömürlərinə kabus kimi çökmuş. Masa üstündəki külqabı, Azərbaycanın canına basılmış papiros kötüyünün küllüyündə donub qalmış. Əslində onun da canı yanmış. Və M.C.Bağırovun, Yemelyanovun bağırtısı, masa üstündəki heybətli telefon aparatında əks-səda olunmuş. Bu əşyalar repressiya tarixi haqda elə acı həqiqətlər danışır ki... DTK əməkdaşlarının vəhşi heyvandan fərqini hiss edə bilmirsən. Canına qəsd, sürgün olunanlar qapı eksponatının arxasından - kiçik pəncərə qapısından zərrə hüriyyət üçün necə də boylanmışdılar. Onlar Azərbaycanın yazıçıları, şairləri, sənət adamları və inqilabçı fədailəri idilər. Onların hər biri dastanlara sığmayan Azərbaycan taleyi yaşadılar. Sovet faşist rejimi Azərbaycana tam sahib sıxmaq üçün, ilk öncə mənəviyyatını məhv etməyə çalışmışdır. 70 il əsarət zəncirlərində inlədi Azərbaycan.
Azərbaycan sonrakı dövrdə - 1988-ci ildən 1991-ci ilə qədər də ağır sınaqlara məruz qaldı. Bir milyondan artıq türk milləti öz ata-baba yurdları – İrəvandan,Qarabağ torpaqlarından deportasiya edildi. Ermənistana dəstək verən sovet rejimi 20 yanvar faciəsi törətdi.Və sil-silə şəkildə Qarabağ bolgələri işğal olundu. Vətən yolunda canından keçən say-seçmə oğulların rəsmləri divarda elə möhtəşəm və yandırıcı ki... Onlar Azərbaycanın Milli Qəhrəmanlarıdır. Və salonun şüşə masalarınıda yan-yana düzülən Qarabağın digər səlnamə kitabları. Şəhidlərin, teleraportyorların geyim, döyüş və iş əşyaları insan duyğularını köz-köz yandırır. Onlar Azərbaycan fədailəridir. Azərbaycanın bütövlüyü, ərazi toxunulmazlığı - istiqlaliyyəti uğrunda canlarını qurban verənlərdir.
Azərbaycan Dövlət İstiqlal Muzeyində başqa nadir eksponatlar da diqqəti cəlb edir. Bunlar görkəmli yaziçı-şairlərin geyim və əlyazma əşyalarıdır.
Heydər Əliyev salonu öz sadəliyi, lakin böyük dəyəri ilə çeçilən bir salondan ibarətdir. Üç rəngli Bayrağı ilə müstəqil Azərbaycanımızın şanlı tarixini əks etdirir: Müxtəlif tarixi kitablar, rəsmlər diqqəti cəlb edən əsas eksponatlardan ibarətdir. Bizim, xanlıqlardan cumhuriyyətə keçən, sonra isə sovet rejimi tərəfindən zəbt - repressiya olunan və nəhayət 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən Azərbaycan tariximizin böyük sayda say-seçmə eksponatları Azərbaycan İstiqlal Muzeyində sərgilənmişdir. Olduqca ziyalı olan və tariximizi mükəmməl tədris edən Sədi Mirseyibli müəllimə təşəkkürümü bildirirəm.
R.Bahar Sonam
Bakı, 20.09.2022