Ölkəmizdə ğözəl işlər baş verir, nəhayət xəbərlər alırıq ki, boğazlarına qədər rüşvət və korrupsiya cinayətlərinin  çirkin əməllərinin içində üzən məmurlar həbs edilir. Bu, ciblərini və şəxsi maraqlarını, vətəndaşın rifahından, dövlətçilikdən üstün tutanlara çox ağır zərbədir. Yeganə arzum odur ki, ardı gəlsin. Vətəndaşların pozulmuş hüquqları bərpa edilsin. Cinyətkar məmurlar layiqli cəzalarına çatsınlar. Digər tərəfdən isə məni düşündürən odur ki, sıravi insanlardan on min, hətta yüz min manatlarla pul oğurlayan bu məmurcuqlar həbs edildikləri halda, dövlətin milyardlarla  manat vəsaitini mənimsəyənlər, sanki diqqətdən kənarda qalıb. Siz, həqiqətən onları görmədiniz? On min, yüz min onlar üçün xırda oğurluq – cib xərcidir.  Onlar özlərinin vəhşi nəfislərini  yüz, iki yüz nəfərin yox, bütövlükdə millətin cibinə tuşlayıblar. Korrupsiyanın, rüşvətin zirvələrinə oturan bu insanların adlarını çəkmirəm. Çünki, onları hər kəs tanıyır. Bəs onları kamera çəkirmi? Onlar həmin oğurladıqları milyardları  hesabına  Azərbaycanda və ölkədən kənarda min oyundan çıxırlar, ey-işrət məclisləri qurub bir gecəyə fontastik rəqəmlər xərcləyirlər. Həmin pullar Azərbaycan dövlətindən, xalqından oğurlanmış pullardır. Onlar rüşvətxorluq və korrupsiya cinayətləri törətməklə bütün dünyada Azərbaycanın nüfuzuna ağır zərbə vururlar. Belələri Vətənimizin düşmənləridir. Xalqın sərvətlərini talayıb özlərinə saysız-hesabsız villalar tikdirən, dəbdəbəli həyat quran bu insanlar, sözün əsil mənasında həşərat təki Azərbaycanın düz qəlbinə hədəfləniblər. Bəs onlar nə zaman vəzifələrindən uzaqlaşdırılacaq, həbs ediləcəklər?  Dövlətin başladığı bu antikorrupsiya  müharibəsinin tərkib hissəsi və əsas məqsədi, məhz həmin o milyardları oğurlayanları ifşa etmək və cəzalandırmaqdır. Çünki, ölkədə bütün maliyyə cinayətlərinin başında onlar dayanırlar. Üzdə olan rüşvətxor məmurcuqları həbs edib, dövləti və milləti talayan korrupsionerlər sərbəst buraxılmamalıdır. Bu insanlar sadəcə vəzifələrindən uzaqlaşdırılmamalı, onlar cinayət məsuliyyətinə cəlb edilməli və xalq qarşısında hesab verməlidirlər. Bir sözlə, belə görürəm ki, saat onların xeyrinə işləmir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *